Seçməmiz İranda finala yüksəldi
Bu gün İranın Sircan şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında “Yadigar İmam Cup” beynəlxalq turniri start götürüb.
SportLine.az xəbər verir ki, komanda yarışında yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanovdan (110 kq) ibarət kollektiv ölkəmizi təmsil edir. Millimiz qrupda İran-3 komandasına və Ermənistana 8:2, İran-2 komandasına isə 9:1 hesabıyla qalib gəlib. Bununla da güləşçilərimiz qrup qalibi kimi finala yüksəlib.
7 sentyabr tarixində təşkil olunacaq finalda yığmamız İranın əsas komandasıyla qarşılaşacaq.
Qeyd edək ki, yarışın hakimləri arasında həmyerlimiz Azər Allahverdiyev də var.
Azərbaycan Güləş Federasiyasının məlumatı