Sergey Pilixovski: “Bu turnir ermənilərin təşkil etdiyi təxribat xarakterli şou olub”

“Bu turnir ermənilərin təşkil etdiyi təxribat xarakterli şou olub. Qazaryanla “döyüşə” çıxan isə, Rusiyada yaşayan 19 yaşlı azərbaycanlı kimi təqdim edilir. Ümumiyyətlə, digər millətlərdən iştirakçı az olub ”. SportLine.az saytına açıqlamasında Rusiya MMA Federasiyasının prezidenti (Norilsk şəhəri), Rusiya seçməsinin baş məşqçisi Sergey Pilixovski belə deyib.  Eyni zamanda Rusiya MMA İttifaqının hakimi kimi fəaliyyət göstərən Pilixovskinin sözlərinə görə, sırf ermənilərin təşkilatçılığı ilə keçirilən yarışa əsasən erməni əsilli idmançılar qatılıb. Bu cür turnirlərdə ilk dəfə iştirak edən 19 yaşlı Rustam Murtazovun təcrübəli rəqib qarşısına çıxarılması da, əvvəlcədən düşünülmüş planın tərkib hissəsidir. Sergey Pilixovski təltifetmə mərasimindəki erməni xislətli hərəkətin peşəkarlar, həmçinin zaldakı bəzi qonaqlar tərəfindən də narazılıqla qarşılandığını bildirib.  

Xatırladaq ki, Moskvada keçirilən OFS versiyası üzrə qaydasız döyüş yarışında Azərbaycanı təmsil edən Rüstəm Murtazov erməni Albert Qazaryana məğlub olub. Təltifetmə mərasimində ermənilər Dağlıq Qarabağdakı qondarma rejimin bayrağını nümayiş etdiriblər.