Şahin Diniyev: "İki qol buraxmağımız məni narahat edir"

"Həm hesabdan, həm də oyunun gedişindən hiss olundu ki, görüş çətin keçdi. Son dövrlər qələbə qazanmaq bizə asan olmur. Komandada yorğunluq var, amma bunu səbəb etmək istəmirəm". 

SportLine.az Gəncə klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 32-ci turunda evdə "Rəvan"a 3:2 hesabı ilə qalin gəldikləri oyundan sonra deyib.

Ş.Diniyev komandasının ilk hissədə yaxşı oynamadığını bildirib: "Xarakter hesabına oynamağa çalışırıq və buna da nail oluruq. Birinci hissə yaxşı oynamadıq, qoldan sonra tez sakitləşdik. Fasilədə uşaqlarla ciddi söhbətimiz oldu. Onlara bildirdim ki, hər oyun bizim üçün sanki final görüşüdür. 

İkinci hissənin əvvəlində sürətli hücumlarla rəqibi təzyiq altında saxlayıb, lazım olan qolları vura bildik. İki qol buraxmağımız məni narahat edir. O ki qaldı azarkeşlərimizə, onlar sadəcə, möhtəşəmdirlər. Udduq, uduzduq fərq etmir. Hər zaman bizim yanımızdadılar. “Rəvan”a da göstərdiyi mübarizəyə görə təşəkkür edirəm". 

Banner