"Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq" - Zubir

"Futbolda belə hallar olur. Öz oyunumuzu göstərməyə çalışdıq. Təbii ki, son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq. Amma irəliyə baxmalıyıq. Bakıda "Frayburq"u məğlub etməliyik".

Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransada "Nant"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.

"Qrupdan çıxmaq hədəfimizdir. İnanıram ki, Bakıda istədiyimiz nəticəni əldə edəcəyik" - deyə o bildirib.

Zubir bu matçda möhtəşəm atmosfer olduğunu söyləyib: "Buraya qayıtmaq mənim üçün gözəldir. Fransada ailə üzvlərim, dostlarım var. Buna baxmayaraq, nəticəyə görə Nantdan məyus qayıdıram".