Stolüstü tennis üzrə xatirə turniri keçiriləcək

Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turniri keçiriləcək. Sportline.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda veteran idmançılar bacarıqlarını göstərəcəklər. 7-8 may tarixlərində “Şüa” idman kompleksində keçiriləcək turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir. Yarış şəxsi və qoşa dərəcələrdə beynəlxalq stolüstü tennis qaydlarına əsasən keçiriləcək. Kişilər 40-49, 50-59, 60-64, 65 yaş və yuxarı, qadınlar isə, 30-39, 40-49, 50 yaş və yuxarı yaş qruplarında mübarizə aparacaqlar. Yuxarı yaş qrupunun üzvləri aşağı yaş qrupunda iştirak edə bilərlər. Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılacaqlar.