"Sumqayıt" Hakimlər Komitəsinə şikayət edəcək
"Sumqayıt" Misli Premyer Liqasının 12-ci turunun "Qarabağ"la matçındakı hakim idarəçiliyindən narazı qalıb.
Sportline.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi bununla bağlı AFFA Hakimlər Komitəsinə şikayət edəcək. Bu barədə saytımıza klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib.
"Sumqayıt"ın etirazı xüsusən iki epizodla bağlıdır. Klub 11-ci dəqiqədə rəqib futbolçu Emmanuel Addaiyə verilən sarı vərəqə qərarından narazıdır. Onlar epizodun qırmızı vərəqə olduğunu iddia edir.
Növbəti etiraz isə Rayan Senhadjinin qırmızı vərəqəsi ilə bağlıdır. "Kimyaçılar" 60-cı dəqiqədə verilən qərarın ağır olduğu fikrindədir.
"Sumqayıt" mövsüm ərzində keçirilmiş digər oyunlarda da komandanın əleyhinə qərarlar verildiyi qənaətindədir. Hakimlər Komitəsinə əvvəlki matçlardakı epizodların da videosu təqdim olunacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.