"Synergy Baku"dan üçqat uğur
Rumıniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "Szeklerland" Turuna yekun vurulub. Velosiped İdmanı Federasiyasından SportLine.az saytına verilən məlumata görə, 19 komandanın iştitak etdiyi 4 mərhələli yarışda "Synergy Baku"nun üzvləri 3 nominasiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın 184 km-lik ilk mərhələsində velosipedçimiz Matey Müqerli mərhələ qalibi ilə eyni göstəriciyə imza atsa da, fotofinişə əsasən 2-ci yeri tutub. 163 km-lik 2-ci mərhələdə isə "Synergy Baku"nun iki üzvü - Kiril Pozdnyakov və Matey Müqerli finiş xəttini ilk 2 pillədə keçiblər. Bu amil Pozdnyakovun ümumi təsnifatda liderliyə yüksəlməsi ilə nəticələnib. Müqerli isə bu mərhələdən sonra ən yaxşı sprinterlər arasında ilk pilləni ələ keçirib. Diqqət çəkən daha bir məqam "Synergy Baku"nun komanda hesabında 1-ci yerə yüksəlməsi olub.
3-cü mərhələdə velosipedçilər 6 km məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Kiril Pozdnyakov bu dəfə də hamıdan yaxşı nəticə göstərməklə liderliyini qoruyub. Eyni sözlər sprinterlərin mübarizəsində Matey Müqerliyə və komanda hesabına da aiddir.
Və nəhayət, 123 km-lik sonuncu, 4-cü mərhələ Matey Müqerlinin finiş xəttini 1-ci keçməsi ilə əlamətdar olub. Onunla eyni nəticəyə imza atan Kiril Pozdnyakov fotofinişlə 14-cü olsa da, bu onun ümumi təsnifatda 1-ci yeri tutmasına mane olmayıb. Müqerli isə bu sıralanmada 3-cü olub. Bundan başqa, sprinterlər arasında Müqerli ən yaxşı velosipedçi kimi təltif edilib. "Synergy Baku" isə vaxt göstəricisinə görə 19 komanda arasında hamıdan öndə qərarlaşıb.
Qeyd edək ki, "Synergy Baku" "Szeklerland" Turunda Elgün Əlizadə, Ənvər Asanov, Kənan Qəhrəmanlı, İsmayıl İlyasov, Matey Müqerli, Yosip Rumaç və Kiril Pozdnyakovla təmsil olunub.