Toğrul Bağırov: "Fatih Terim, Şenol Günəş dönəmi arxada qalıb"

Ötən əsrin 90-cı illərinin məşhur idman jurnalisti Toğrul Bağırov AVRO-2020 ilə bağlı fikirlərini bölüşüb.

Hazırda Böyük Britaniyanın paytaxtı Londonda yaşayan həmkarımız Sportline.az saytına açıqlamasında bunları deyib: “Çempionatdan qabaq hansısa komandanın imkanlarını yüksək qiymətləndirmirdim. Düzdür, müəyyən mənada Fransa və Belçika komandaları seçilirdi. Almaniya millisi də həmişəki kimi favoritlər sırasında idi. Təbii ki, İtaliya və İspaniyanı da bu siyahıya aid etmək olardı. Bu komandalar arasında İtaliyanın çıxışı mənim üçün kifayət qədər sürpriz oldu. 3 oyundan 3 qələbə və qapısını toxunulmaz saxlamaq həqiqətən də yüksək göstəricidir.  

Fikrimcə hər şey pley-offda həll olunacaq. Təcrübə göstərir ki, Avropa çempionu qrup mərhələsində elə də nəzərəçarpacaq oyun göstərmir. Adətən yarışa inamlı başlayan komandalar sonradan büdrəyirlər. Ona görə də, əminliklə deyə bilmərəm ki, İtaliya çempion olacaq. Bu təcrübəyə əsaslanaraq Almaniya, Fransa və Belçika favorit olaraq qalır. İngiltərənin də imkanları zəif deyil. İstedadlı futbolçulardan ibarət bu komanda da favoritlərdən biridir.

Türkiyənin belə zəif çıxışı gözlənilməz oldu. Görünür onlar daha gənc mütəxəssislə yola davam etməlidirlər. Futbolçuların psixologiyasında da dəyişikliyə ehtiyac duyulur. Fatih Terim, Şenol Güneş dönəmi artıq arxada qalıb”