Tokio-2020: Olimpiyaçımızın Tokio hədəfləri

Azərbaycan seçmə komandası Tokio 2020-də badminton yarışlarında da təmsil olunacaq. Bu idman növündə Edi Reski Dviçayo bacarığını göstərəcək. Hazırlığı müntəzəm məşqlərlə davam etdirən idmançı Sportline.az saytına açıqlamasında olimpiadada etimadı doğrultmağa çalışacağını bildirdi: "İndoneziyada bu ən populyar idman sayılır. Bu baxımdan badmintona uşaqlıqdan marağım olub. Böyük qardaşım da bu idman növü ilə məşğul idi. Onun çıxışlarını izləyərək peşəkar idmançı olmaq qərarına gəldim. Ailəm də mənə dəstək oldu. Verdiyim qərarda yanılmadığıma görə sevinirəm. Gələcəkdə beynəlxalq yarışlarda böyük uğurlar qazanmaq əzmindəyəm.

Azərbaycanda badminton inkişaf etməkdədir. Bu idman növünə böyük maraq var. İlbəil badmintonla məşğul olanların sayı artır. Bu gedişlə Azərbaycan yaxın gələcəkdə beynəlxalq arenalarda bu növ üzrə də uğurlar qazanacaq.

Olimpiadanın startına az qalıb. Çalışacağam ki, o vaxta qədər hazırlığımın pik nöqtəsinə çatım. Bunun üçün hər bir şəraitimiz var. Ümid edirəm ki, Tokioya tam hazır yollanaraq yaxşı nəticəyə imza atacam".

Badminton üzrə seçmə komandamızın baş məşqçisi Murteza Vəlidərvi ciddi sınaq ərəfəsində nikbin əhval ruhiyədədir. Əlbəttə mükafatçılar sırasına düşmək Dviçayo üçün olduqca çətin vəzifə sayılır. Amma, təcrübəli mütəxəssis idmançımızın Tokio sınaqlarında layiqli çıxışına ümid bəsləyir.

Qeyd edək ki, Tokio olimpiadasına iyulun 23-də start veriləcək.