“Tour d’Azerbaidjan-2017”: IV mərhələ də arxada qaldı
Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloyürüşünün 4-cü yarış günü də arxada qalıb. Sportline.az xəbər verir ki, 2.1 kateqoriyalı yarışın 164 km-lik bu mərhələsində iştirakçılar saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürməklə İsmayıllı - Ağsu - Şamaxı marşrutu üzrə hərəkət ediblər və Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəsinin qarşısında finiş xəttini keçiblər.
Əvvəlki illərdən fərqli olaraq marşruta Ağsu dolaylarının da əlavə edilməsi mübarizəyə əlavə rəng qatıb. Veloturun ən çətin dağ mərhələsinin qalibi isə ABŞ-ın "İlluminate" komandasının təmsilçisi Edvin Avila olub. O, finişə 4 saat, 2 dəqiqə, 1 saniyəyə çatıb. Rusiyanın "Gazprom-Rusvelo" və İtaliyanın "Wilier Triestina" klublarının nümayəndələri İldar Arslanov və Aleks Turrin finişi qalibdən müvafiq olaraq 2 və 5 saniyə sonra keçməklə 2-3-cü yerləri tutublar.
3 mərhələdən sonra ümumi təsnifata başçılıq edən Elit yığmamızın üzvü Kiril Pozdnyakov bu dəfə 7-ci olmaqla liderliyi qoruyub və mavi rəngli "Synergy" köynəyini özündə saxlayıb. Hazırda rusiyalı legioner ən yaxın izləyicisi, Avstriyanın "Amplatz-BMC" komandasının üzvü Herman Pernştayneri 46 saniyə qabaqlayır. Bundan başqa, Azərbaycan təmsilçisi dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli AZAL köynəyinə də yiyələnib.
Aralıq sprintlərində hamıdan çox xal toplayan mərhələ qalibi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli SOCAR köynəyinə layiq görülüb. Fransanın "Delko Marseille Provance KTM" klubunun üzvü Con Anderson Rodriqes isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli Ataholding köynəyi ilə mükafatlandırılıb.
Qalibləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təltif edib.