“Tour d’Azerbaidjan-2017”nin 2-ci günü "Synergy Baku" üçün uğurlu alındı
Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticə ilə yadda qalıb.
Sportline.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışının 186,5 km-lik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb.
Məsafəni 4 saat, 47 dəqiqə, 49 saniyəyə başa vuran Azərbaycan yığmasının velosipedçisi ən yaxın izləyicisi, Ukraynanın "Kolss" komandasının üzvü Oleksandr Polivodanı 38 saniyə qabaqlamaqla solo-finiş edib. İsrailin "Israel Cycling Academy" komandasının üzvü Dennis van Vinden isə liderdən 42 saniyə geri qalmaqla 3-cü yeri tutub. "Synergy Baku"nun digər üzvləri Yosip Rumaç 14-cü, Elçin Əsədov 32-ci, Samir Cəbrayılov 52-ci, Elgün Əlizadə 54-cü, Ənvər Asanov isə 78-ci olub.
Mərhələ qalibiyyəti Kiril Pozdnyakovu həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o mavi rəngli "Synergy" köynəyinə yiyələnib. Bundan başqa, qalib velosipedçi aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli SOCAR köynəyinə də sahib çıxıb.
Mərhələnin ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli AZAL köynəyi Ukraynanın kontinental "Kolss" komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın "Team Sauerland NRW p/b Henley & Partners" klubunun üzvü Feliks İntra isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıxov təltif edib.
Mayın 5-də yarışın 3-cü mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər.
Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.