"Turan"ın baş məşqçisi: "Azərbaycan klubları həndbolda daha yaxşı təsir bağışlayırlar"

"Azərbaycan klubları həndbolda daha yaxşı təsir bağışlayırlar".

Sportline.az xəbər verir ki, bunu Qazaxıstanın "Turan" klubunun baş məşqçisi Maksad Narmetov deyib.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə danışan mütəxəssis Bakıda keçdikləri təlim-məşq toplanışı barədə məlumat verib:

"Azərbaycanlı həmkarlarıma təşəkkürümü bildirirəm. İlk dəfədir ki, Bakıda təlim-məşq toplanışındayıq. Məşqlər və oyunlarımız üçün burada lazımi şərait yaradılıb. Artıq Azərbaycan komandası ilə bir yoxlama matçı keçirdik. Deyə bilərəm ki, Azərbaycan klubları həndbolda daha yaxşı təsir bağışlayırlar. Əlbəttə, Avropa həndbolu Asiyadakından fərqlənir. Ümid edirik ki, bu əməkdaşlığımız gələcəkdə də davam edəcək".

Qeyd edək ki, Bakıda təlim-məşq toplanışını davam etdirən "Turan" kollektivi "Azəryol"la yoxlama görüşündə qüvvəsini sınayıb və 28:34 hesabı ilə uduzub. Qazaxıstan təmsilçisinin hazırlıq prosesinə noyabrın 6-da yekun vurulacaq.