Türkiyəli futbolçu: "Azərbaycanda oynamaq xoş olacaq"

"Çox çətin qrupa düşmüşük. Amma hər şeyin öhdəsindən gələ bilərik. Çünki biz Türkiyəni təmsil edirik. Özümüzə güvənirik. İnanıram ki, qrupdan çıxıb finala yüksələ bilərik".

Sportline.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Rıdvan Yılmaz yığmanın rəsmi tvitter səhifəsinə müsahibəsində AVRO-2020-dəki şanslarını dəyərləndirərkən deyib.

A qrupundakı iki oyunu Bakıda keçirəcəklərini deyən "Beşiktaş"ın sol cinah müdafiəçisi bunun komandaya müsbət təsir edəcəyini bildirib: "Biz eyni ölkənin vətəndaşı kimiyik. Orada oynamaq bizim üçün xoş olacaq. Bu, eyni zamanda komandaya əlavə inam gətirəcək. Ümid edirəm ki, hər şey istədiyimiz kimi alınar".

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.