Üç ölkə İslamiadaya qatılmayacaq

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 3 ölkə idmançıları iştirak etməyəcək. Sportline.az xəbər verir ki,  bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib: "Əfsuslar olsun ki, Sudan, Liviya və Küveyt bu oyunlara qoşulmayacaq. Bu hal bizi məyus etsə də, 54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi bizi sevindirməyə bilməz. İslam Həmrəyliyi Oyunları sülhün, mədəniyyətin və birliyin nümayişi olacaq".
Xatırladaq ki, İslamiadanın açılışı mayın 12-də keçiriləcək.  Mayın 22-dək davam edəcək yarışlarda 20 idman növü üzrə qaliblər müəyyənləşəcək.