UEFA azarkeşlərə Ukrayna millisinin oyunlarına Rusiya bayraqlarını gətirməyi qadağan edəcək

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü il Avropa çempionatında Ukrayna millisinin oyunlarına azarkeşlərə Rusiya bayrağını gətirməyi qadağan etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, bu barədə AP News məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Almaniya - Şotlandiya və İngiltərə - Serbiya matçlarında Rusiya bayraqları peyda olmuşdu. FİFA və UEFA-nın qərarı ilə 2022-ci ilin fevral ayının sonundan etibarən Ukraynada baş verən hadisələrlə əlaqədar bütün Rusiya milliləri və yerli komandalar beynəlxalq yarışlardan kənarlaşdırılıb.

 

2024-cü il futbol üzrə Avropa çempionatı bu yay Almaniyada keçirilir. Turnirə 10 şəhərin 10 stadionu ev sahibliyi edir. Hazırkı Avropa çempionu 2021-ci ildə Londonun "Uembli" stadionunda finalda İngiltərə millisini məğlub edən İtaliya komandasıdır.