UEFA prezidentindən açıqlama

"UEFA, milli assosiasiyalar, klublar və liqalar koronavirus pandemiyası şəraitində güclü birlik və həmrəylik göstərdi. Bunu qəbul edilən qərarlardan görmək olar. Hamı kompromis axtarmağa tam hazır olduğunu bildirdi".

Sportline.az xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.

Sloveniyalı funksioner futbolun yalnız UEFA-dan ibarət olmadığını bildirib. Çeferin Avropaya nümunə göstərməyə çalışdıqlarını və bunu yaxşı bacardıqlarını sözlərinə əlavə edib: "Düşünürəm ki, kifayət qədər erkən mərhələdə AVRO-2020-ni gələn ilə təxirə saldıq. Hamı başa düşdü ki, biz bunu qitə futbolunun digər iştirakçılarına kömək üçün etdik". 

UEFA prezidenti avrokuboklarda cari mövsümün bu il bitəcəyinə şübhə etmədiyini vurğulayıb: "Əvvəldən buna inanırdım. Optimist olmalısan və böhrana bənzər nə isə olsa, yeni plan işləməlisən. Düşünürəm ki, bu mərhələdə UEFA-nın və bütün dünyanın nə öyrənəcəyini mühakimə etmək çətindir. Hamımız çox kövrək olduğumuzu və virusun praktik olaraq dünyanı dayandıra biləcəyini unutmamalıyıq. Futbol ictimaiyyəti yalnız birlik və həmrəylik deyil, dostluq və hörmət göstərib. Gündəlik əlaqə saxlayırıq və gələcəkdə də buna mane olmamalıyıq. Nə qədər ki, ünsiyyətdəyik və qurban verməyə hazırıq, deməli, doğru yoldayıq".