Universal döyüşçülərimiz dünya çempionatında yüksək nəticələr əldə ediblər
8-12 dekabr tarixlərində Türkiyənin Antalya şəhərində universal döyüş idman növü üzrə növbəti dünya çempionatı keçirilib.
Sportline.az xəbər verir ki, yarışlar universal döyüş növünün "Layt”, "Klassik” və "Peşəkar” versiyaları üzrə təşkil olunub.
Dünya çempionatında Azərbaycan komandası 32 nəfərlik heyətlə 4 yaş qrupunda ölkəmizi təmsil edib. Azərbaycan Universal Döyüş Federasiyasından (UDF) aldığımız məlumatda deyilir ki, həvəskarlar arasında, "Layt” və "Klassik” versiyaları üzrə millimiz toplamda 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazanıb. Peşəkarlar arasında keçirilən yarışlara isə iki idmançımız qatılaraq yüksək nəticə əldə edib. Belə ki, idmançılarımızdan biri qızıl, digəri isə gümüş medal qazanıb.
Mətbuata verdiyi açıqlamasında Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Əməkdar Məşqçi Azər Həsənov idmançılarımızın əldə etdiyi nəticələrdən razı qaldığını bildirib. Eyni zamanda da federasiya prezidenti bu nəticələrin qətiyyən son hədd olmadığını vurğulayıb və gələcəkdə daha yüksək nailiyyətlərə imza atmaq üçün bundan sonra daha böyük əzmkarlıqla çalışacaqlarını bildirib.