"Uraqan"ın baş məşqçisi: "Araz" qrupun favoritidir"
"Araz"ın futzal üzrə Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan "Uraqan"ın baş məşqçisi Maksim Pavlenko püşklə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, Ukrayna təmsilçisinin çalışdırıcısı rəqibləri dəyərləndirib:
"Yaxşı qrupumuz var. Bütün rəqiblər eyni gücdədir, buna görə də komandaların hər biri ilə oyun maraqlı olacaq.
Çempionlar Liqasındakı oyun təcrübəsindən danışsaq, bəli, "Araz" ın qrupun favoriti olduğunu deyə bilərik. Amma Kosovo komandasını da unutmaq olmaz. Dəfələrlə braziliyalıları və ispanları öz sıralarına cəlb edib. Rumıniya çempionuna gəlincə, onun öz oyun tərzi var.
Düşünürəm ki, təkcə "Araz"la deyil, hər oyun önəmli olacaq. Bütün matçlar həm maraqlı, həm də əhəmiyyətli olacaq".
Xatırladaq ki, əsas mərhələdə 6-cı qrupda yer alan "Araz" Kosovo "Liqeni", Rumıniya "United Qalati" və Ukrayna "Uraqan"ı ilə elit mərhələyə yeganə vəsiqə uğrunda mübarizə aparacaq. 6-cı qrupun bütün oyunları Ukraynanın İvano-Frankivsk şəhərində baş tutacaq. Çempionlar Liqasının əsas mərhələsi oktyabrın 26-dan 31-dək keçiriləcək.