Velosipedçimiz Dünya Çempionatında 7-ci oldu
Londonda velosiped idmanının trek növü üzrə dünya çempionatına yekun vurulub. Velosiped İdmanı Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yarış Azərbaycan yığma komandası üçün uğurlu sonluqla başa çatıb. Belə ki, millimizin üzvü Sergey Omelçenko olimpiya növü olan keyrində 7-ci yeri tutmaqla dünya çempionatları tariximizdə ən yüksək nəticəyə imza atıb.
Reqlamentə əsasən, ilkin mərhələdə 7 idmançı arasında finiş xəttini 2-ci keçən velosipedçimiz birbaşa yarımfinala vəsiqə qazansa da, təəssüf ki, finalın 6 iştirakçısı sırasında yer almaq mümkün olmayıb. Bununla belə, Sergey Omelçenko 7-ci yer uğrunda mübarizədə digər 5 rəqibini qabaqlamağı bacarıb. Qeyd edək ki, dünya çempionatının keyrin növündə planetin 25 ən güclü idmançısı mübarizə aparıb.
Qadınlar arasında 200 metr məsafəyə sprint növündə çıxış edən yığma komandamızın digər üzvü Olqa İsmaylova isə 33 iştirakçı arasında 18-ci nəticə göstərib.