Velosipedçimiz Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın şosse velosipedi üzrə Elit yığması və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü Maksim Averin bu ilin avqustunda Rio de Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. Velosiped İdmanı Federasiyasından SportLine.az saytına verilən məlumata görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Maksim Averin 4 illiyin zirvə yarışında ölkəmizi qrup yarışlarında təmsil edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəkli il ərzində velosipedçilər təmsil etdikləri qitələr üzrə klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015-ci ildə "Synergy Baku"nun heyətində bir sıra yarışlarda uğurla çıxış edən Maksim Averin ümumilikdə 158 lisenziya xalı toplayıb ki, bu da Rio de Janeyroda qrup yarışlarında mübarizə aparacaq 142 velosipedçi sırasına düşmək üçün yetərli olub.

Məlumat üçün onu da bildirək ki, Maksim Averinin atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin 1976-cı ildə SSRİ yığma komandasının heyətində Monreal Yay Olimpiya Oyunlarında iştirak edib.