Kubokda finalçılar müəyyənləşib
Voleybol Mərkəzində qadınlar arasında "Heydər Əliyev kuboku"nun yarımfinal oyunları keçirilib.
Sportline.az xəbər verir ki, günün ilk qarşılaşması "Murov" və "Abşeron" komandaları arasında olub. Gərgin keçən ilk seti "Abşeron" 25:20 hesabı ilə öz xeyrinə başa vurub. Növbəti hissələrdə də Famil Ağayevin yetirmələri rəqibdən daha az səhv edərək qalib gəliblər - 25:14, 25:22. Beləliklə, "Murov"u 3:0 hesabı ilə məğlub edən "Abşeron" turnirin finalına yüksəlib.
Yarımfinalın növbəti matçı isə “Azərreyl” və UNEC kollektivləri arasında baş tutub. Bu görüş ehtimal olunduğu kimi Eldar Yusubovun başçılıq etdiyi kollektivin üstünlüyü ilə keçib. İlk setdən təşəbbüsə yiyələnən komanda meydandan 3:0 (25:9, 25:10, 25:6) hesablı qələbə ilə ayrılıb. Bir neçə gün əvvəl başa çatmış ölkə çempionatının qızıl medalını qazanan "Azərreyl" yarışın ikinci finalçısı olub.
Beləliklə, "Heydər Əliyev kuboku"nun finalında "Abşeron" və "Azərreyl" klubları üz-üzə gələcəklər. Aprelin 28-də oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, kişi voleybolçuların yarımfinal oyunları aprelin 27-də baş tutacaq. Saat 16:00-da meydançaya "Xarı bülbül Şuşa" və "Neftçi", iki saat sonra isə "Murov" və MOİK kollektivləri çıxacaqlar.