Voleybolçularımız hazırlıq üçün Türkiyəyə yollanıblar

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirinə hazırlığı davam etdirən voleybolçularımız  Bakıdakı təlim-məşq toplanışını başa vurub.

Federasiyanın mətbuat xidmətindən Sportline.az saytına verilən xəbərə görə, komanda bu gün hazırlığın növbəti mərhələsi üçün Türkiyəyə yola düşüb. Vasif Talıbovun baş məşqçi olduğu komanda qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Rəqiblər “Fənərbağça” və “Türk Hava Yolları” klubları olacaq. Bundan sonra milli üzvləri Polşa toplanışı çərçivəsində yerli yığma ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 7 - 22 yanvarda Hollandiyanın Apeldorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq millimiz son matçda Polşa ilə üz-üzə gələcək. Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Tokio Olimpiadasına lisenziya qazanacaq.