Xorvatiyada uğurlu start
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəyə başlayıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından SportLine.az saytına verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının 1-ci mərhələsi komandamız üçün uğurlu alınıb.
158 km-dən ibarət bu bölümdə komandamızın üzvü Matey Müqerli finiş xəttini mərhələ qalibindən 3 saniyə gec keçməklə 2-ci olub – 3 saat, 49 dəqiqə, 21 saniyə. Bu, velosipedçimizə həm ümumi təsnifatda, həm də sprinterlərin mübarizəsində 2-ci sırada qərarlaşmağa imkan verib. Komanda hesabında “Synergy Baku” 33 iştirakçı kollektiv arasında liderə 4 saniyə uduzmaqla 3-cü yerdədir.
Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 157 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunur.