“Yığmaya əcnəbi məşqçi dəvət etməkdənsə, Rəşad Sadıqova o postu tapşırmaq olmazmı?”

İki ilə yaxındır klubsuz olan Vaqif Cavadov “Azleader” adlı uşaq futbol klubu yaradıb.

Sportline.az xəbər verir ki, millinin sabiq üzvü yeni layihəsi haqda danışıb:

- Klubda 4-14 yaş aralığında uşaqlar məşq edə biləcək. “Azleader”in ofisi paytaxtda, Xətai prospekti, 15-də yerləşir. Uşaqlar yayda məşqlərini "Sevgililər parkı"nda yerləşən süni örtüklü meydanda, qışda isə Xətai prospektində yerləşən "Azfar"ın qapalı meydanlarında keçirəcək.

- Futbol məktəbini açan Vaqif, deyəsən, artıq futbolçu karyerasının başa çatması ilə barışıb...
- Həmişə demişəm, yenə təkrarlayıram: futbol oynamağa gücüm var və istənilən an meydana çıxıb bunu sübut edə bilərəm. Buna heç kimin şübhəsi olmasın. Nə artıq çəkim, nə də hansısa problemim var. İndi Azərbaycan futboluna baxanda kimlərin oynadığını görürük. Futbol oynamağıma imkan verməyənləri yenə Allaha tapşırıram. Mən hələ peşəkar karyeramı bitirməmişəm. Məktəbi isə ona görə açdım ki, bu sahədən uzaq düşməyim. Ümumiyyətlə, bizim dövrün futbolçuları – Rəşad Sadıqov, Kamran Ağayev, Mahir Şükürov, mən və adını çəkmədiyim başqaları niyə sevdiyimiz, bacardığımız sahədən getməliyik? Ölkə futboluna nəsə vermişik ki, bizləri tanıyırlar, getdiyimiz, olduğumuz yerlərdə hörmət edirlər. Bu gün yığmaya əcnəbi məşqçi dəvət etməkdənsə, Rəşada o postu tapşırmaq olmazmı? Bunu azarkeşlər, idman mediası istəyirsə, futbol camiəsi onu sevirsə, niyə ona bu şans verilməsin? Sadıqov bu günə kimi U-19-da çalışıb, U-21-in “sükanı arxasında” olub. İşi ilə də etimadı doğruldub. Kamran Ağayevi küsdürürük. O ölkə futboluna az xeyir verib? Yığmanın ən yaxşı vaxtlarında “1 nömrə” olan indi necə olur ki, unudulur? Xasiyyətin pis-yaxşı olması vacib deyil. Futbolçunun işinə meydanda qiymət vermək lazımdı. Kamran kimi qolkiperin klublara lazım olmaması fəlakətdi. Onun potensialı hələ bir neçə il də “1 nömrə” olmağa imkan verir. Eyni zamanda özümü və Vüqar Nadirovu da nümunə göstərə bilərəm. 32 yaşlı adama yaşlı damğası vururuq, xasiyyətindən narazılıq edirik. Belə şeyləri qabartmaq düz deyil. Azərbaycanda heç kimlə prinsip aparmaq lazım deyil. Bizim o qədər çox futbolçumuz yoxdu ki, birini sıradan çıxaran kimi yerinə yenisini tapmaq asan olsun. Nə olsun o düz danışandı, ağa “ağ”, qaraya “qara” deyəndi. Buna görə onu silmək nə dərəcədə düzdü? Mahir Şükürov bu gün heç yerdə çalışmır. Onun danışıq qabiliyyəti olmaya bilər, bəs təcrübəsi, ad-sanı? O hansısa klubun idarəçilik sistemində çalışa bilər və futbol biliyi ilə az da köməyi dəyməz. AFFA rəhbərliyi, Məşqçilər Komitəsinin üzvləri, görəsən, bu haqda düşünürlər? Orda olanların hamısı bizim ağsaqqalardı, onlara da hörmətimiz var. Biz də nə vaxtsa qocalacağıq. Ancaq nədənsə onlar da bizim işlə təmin olunmağımızda maraqlı deyillər. Heç olmasa, müxtəlif yaş qrupu üzrə yığmalarda ikinci məşqçi kimi çalışmağımıza imkan yaradılmalıdı. Vaqif Cavadov, Kamran Ağayev bunu bacarmaz? Bacararıq, özü də ən yaxşı formada. Ancaq nədənsə bizə bu şəraiti yaradan yoxdu. Deməsinlər ki, kateqoriyaları yoxdu. Bu gün o qədər klub var ki, baş məşqçilərinin lazımi kateqoriyası yoxdu. Onlar necə işləyir? Biz də oxuyacağıq. Mən gedib hansısa klubun U-12 komandasında ikinci məşqçi işləyən deyiləm ki? Ən azı karyeram var, uzun müddət yığmada çıxış etmişəm, legioner həyatı yaşamışam. Bizə laqeyd münasibətin kökündə nə durur, hələ də başa düşə bilmirəm. Bilirsiz, bu gün bizim futbolun ən bəlalı yeri nədi?

- Çatışmazlıqlar çoxdu. Hansını nəzərdə tutursan?
- Gənclərimiz arasında lider çatışmır. Nə mətbuata çıxıb ürəkli danışa bilirlər, nə də meydanda bu missiyanı yerinə yetirirlər. Hamısı ancaq özünü fikirləşir, “birdən nəsə deyərəm, məni sıxarlar” düşüncəsi ilə yaşayırlar. Bizim vaxtımızda isə belə deyildi. Kamran, Rəşad, Elnur Abdullayev, mən heç nədən çəkinmədən həmişə hər şeyi olduğu kimi dilə gətirmişik. İndikilər klubda bir yerdə oynadıqları orta səviyyəli legionerə də söz deməkdən çəkinirlər. Bunun sabahı necə olacaq? Həmişə demişəm ki, futbol bu gün var, sabah yoxdu. Təmiz ad isə karyeranı başa vurandan sonra da sənin üstündə olacaq. Ona görə də Vaqif olaraq mən bu gün də heç kimdən və heç nədən çəkinmədən fikirlərimi açıq-aydın ifadə edə bilirəm. Heç kim bu gün ortaya çıxıb barəmdə artıq-əskik nəsə deyə bilməz. Bilirlər ki, heç kimin qarşısında gözükölgəli deyiləm, xoşagəlməz nəsə deyilsə, o söhbətin axırına çıxaram. Özümüzkülərə vaxtında dəyər vermək lazımdı (Futbol+).