Yüksək Liqa: Liderdən inamlı qələbə, "Murov" uduzub
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə yekun vurulub.
Sportline.az xəbər verir ki, VI turda "Abşeron" “Murov”la , UNEC isə “Azərreyl”lə üz-üzə gəlib.
Voleybol Mərkəzində təşkil olunan turun ilk matçında Famil Ağayevin baş məşqçi olduğu komanda qalib gəlib. "Abşeron" ilk iki hissəni 25:22, 25:19 hesabı ilə öz xeyrinə başa vursa da, üçüncü setdə sevinən tərəf “Murov” olub - 25:17. Dördüncü hissəni hesabına yazdıran "Abşeron" yekunda qələbə qazanıb - 3:1 (25:22, 25:19, 17:25, 25:21).
Dövrənin son matçı UNEC və “Azərreyl” komandaları arasında keçirilib. "Dəmiryolçular" hər üç setdə rəqibindən üstün olub - 3:0 (25:13, 25:10, 25:7).
Beləliklə, II dövrədən sonra lider “Azərreyl”in 14 , “Abşeron”un 12, “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.