Yunan-Roma güləşçilərimizin Bakıda təlim-məşq toplanışı

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması 2019-cu ilin ilk yarışlarına hazırlığı Bakıda davam etdirir.

SportLine.az xəbər verir ki, yanvarın 7-dən Olimpiya Güləş Mərkəzində yeni ilin ilk təlim-məşq toplanışına start verən komanda tam heyətlə hazırlıq keçir.

Baş məşqçi Şaban Donat perspektiv vəd edən yeniyetmə və gənc güləşçiləri də əsas komandanın hazırlıq prosesinə daxil edib. Bu toplanışda əsas diqqət fiziki hazırlığa ayrılıb. Belə ki, pəhləvanlar xalça üzərində məşq etməklə yanaşı, fitness çalışmaları və kross qaçışında da iştirak edir.

Qarşıda yığmanı 2 ənənəvi yarış gözləyir. Yunan-Roma güləşçilərinin bir qismi yanvarın 24-25-də İranda "Təxti Kuboku"nda, bir qismi isə fevralın 1-3-də Türkiyədə Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvəsini sınayacaq. Yaxın günlərdə hər iki yarış üçün heyət ictimaiyyətə açıqlanacaq.