"Daha bir-iki futbolçu transfer etmək istəyirik” - Azər Məmmədov
Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Kəpəz" "Sabah"a 0:2 hesabı ilə məğlub olub.
Sportline.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyundan sonra fikirlərini bölüşüb.
Mövsümə məğlubiyyətlə başladınız. İlk oyunda çempionatın güclü komandalarından biri olan “Sabah”la qarşılaşdınız. Matçı necə dəyərləndirirsiniz?
- İlk növbədə, çempionatın başlaması münasibətilə bütün futbol ictimaiyyətini və sizi də təbrik edirəm. Əlbəttə, hazırda çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq. Bizim bəxtimizdən ilk turda “Sabah”la oynadıq.
Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq futbolçularımız çəkinmədilər. Meydanda çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ümumiyyətlə, komandamdan, futbolçularımdan razıyam. Bu oyuna görə onlara təşəkkür edirəm. Çempionat uzun marafondur, qarşıda hələ çox oyunlarımız var. İnşallah, hər şey yaxşı olar.
- “Kəpəz”ə qayıdışınızdan sonra komandaya yeni futbolçular qoşuldu. Ümumi potensialı necə dəyərləndirirsiniz?
- Bilirsiniz ki, hər klubun müəyyən büdcəsi var və komanda həmin büdcəyə uyğun komplektləşdirilir. Bizim də müəyyən büdcəmiz var. Rəhbərliklə birlikdə çalışdıq ki, həmin imkanlardan maksimum yararlanaq. Düşünürəm ki, bundan pis istifadə etməmişik. Hələlik transferlərimizdən narazılığımız yoxdur. İnşallah, gələcək göstərəcək ki, etdiyimiz transferlər bizim üçün nə dərəcədə uğurlu alınıb.
- “Kəpəz” üçün transferlərin başa çatdığını deyə bilərik, yoxsa hələ yeni futbolçuların cəlb olunması planlaşdırılır? Hansı mövqelərə oyunçu axtarırsınız?
- Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərə də müraciət edəcəyik. Hücum xəttinə bir-iki futbolçu cəlb etmək istəyirik.