"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev

“Hər çempionatda olduğu kimi ilk oyun çətin keçir. Qələbə qazandığımız üçün şadam. Başlanğıc üçün vacib qələbə idi".

Sportline.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının ilk turunda "Qəbələ"yə qalib gəldikləri (1:0) oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

73 yaşlı mütəxəssis zədəsini yeni sağaldan David Tavareş və yeni transfer İlya Balaunun oyunu ilə bağlı danışıb: "Hər ikisi komandaya çox yaxşı uyğunlaşdı. Balaunun gəlişinə xüsusilə şadıq. Tavareşə gəlincə, o, bu mövsüm tam fərqli səviyyədə oyun nümayiş etdirir. Təlim-məşq toplanışındakı çıxışı da heyətdə ciddi rəqabətdən xəbər verir".

Berdıyev ilk oyundaca iki futbolçunun zədələnməsinin təlim-məşq toplanışının ağır keçməsi ilə əlaqəli olmadığını bildirib: "Hər iki zədə də fiziki təmasla bağlı oldu. Siz necə düşünürsünüz, bu təlim-məşq toplanışı ilə bağlı ola bilərmi? Bu zədələr sırf ikili mübarizələrdən və mikrotravmalardan qaynaqlanır. Məsələn, Jouda da vəziyyət belə oldu, Balaunun da arxadan edilən qayda pozuntusu zamanı ayağı buxuldu. Yəni məsələnin fiziki forma ilə heç bir bağlılığı yoxdur".