Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ardıcıl 2-ci dəfə Avropa çempionu olub
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub.
Sportline.az xəbər verir ki, Azərbaycanın güləş tarixində növbəti parlaq nəticə qeydə alınıb. Yeniyetmələrdən ibarət milli komanda həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza atıb.
Qitə birinciliyinə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayevlə Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan 10 idmançıdan 8-i fəxri kürsüyə qalxıb. Fəraim Mustafayevlə (55 kq) Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olublar. Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb.
Beləliklə, 2 qızıl, 5 gümüş və 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə U-17 yığması 175 xalla - aşkar üstünlüklə Avropa çempionu olub. Azərbaycan 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb. Bununla da milli komanda titulunu qoruyub.
Qeyd edək ki, Azərbaycan yığması ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olub.