Zəfər Kubokunun qalibləri mükafatlandırılıb

İdman Araşdırmalar Mərkəzinin (İAM) Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası (AVF) və "Avrora Group"la birgə 22 iyul - Milli Mətbuat Günü münasibətilə birgə təşkil etdiyi jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokunun finalçıları mükafatlandırılıb.

Sportline.az xəbər verir ki, turnirin qalibinə Zəfər Kuboku, 800 manat pul mükafatı, diplomlar, Azərbaycanın ilk idman geyimi brendi "İl Azero"nun formaları, digər finalçıya isə diplomlar verilib.

Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın üzvü İsgəndər İbrahimə 100 manat pul mükafatı təqdim olunub.

Həmçinin Zəfər Kubokunun təşkilinə verdiyi dəstəyə görə AVF və "Avrora Group" xüsusi plaketlə təltif ediliblər.

Bundan başqa, final oyunun hakimlərinə, Azərbaycan Voleybol Federasiyasının fotoqrafı İslam Atakişiyevə və qurumun mətbuat xidmətinin rəhbəri Şəfə Kərimovaya fəxri fərman verilib.

Mükafatlandırılanlar arasında Vətən müharibəsi iştirakçısı, "Vətən uğrunda", "İgidliyə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", Füzuli, Xocavənd və Ağdamın azad olunmasına görə medalları ilə təltif olunmuş polkovnik-leytenant Vüsal Nağıyev də olub.

Mükafatlandırma mərasimində çıxış edən İAM-ın sədri Elşən Məmmədov turnirin təşkilində göstərilən dəstəyə görə Azərbaycan Voleybol Federasiyasına, baş sponsor "Avrora Group"a və digər tərəfdaşlara minnətdarlığını bildirib.

Qeyd edək ki, turnirin qalibi finalda "Kəlbəcər" komandasına 2:1 hesabı ilə qalib gələn "Şuşa" olub.