Çimərlik Həndbolu üzrə Azərbaycan Çempionatı start götürdü

Bakıda Çimərlik Həndbolu üzrə Azərbaycan Çempionatına start verilib. SportLine.az saytının məlumatına görə, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda meydana əvvəlcə qadınlardan ibarət komandalar çıxıb. İlk turun görüşlərinin ardınca Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının (AHF) təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar baş tutub. EHF-in nümayəndəsi Tomas Neukum çimərlik  həndbolu və onun inkişafı haqqında məşqçilərə məlumat verib.

Daha sonra yarışın açılış mərasimi olub. Tədbirdə çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov yarış iştirakçılarına uğurlar arzu edib. Ötən illərlə müqayisədə yarışların və iştirakçı komandaların sayının artdığını deyən vitse-prezident, bütün bunların həndbol idman növünə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu söyləyib. O.Abbasov, həmçinin, çimərlik həndbolu üzrə indiyədək cəmi bir ölkə çempionatının keçirildiyini qeyd edib. Bu cür yarışların ölkədə çimərlik həndbolunun inkişafı, eləcə də, güclü komandaların müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayan federasiya rəsmisi, bu sahədə daha çox işlər görüləcəyini bildirib.

Avropa Həndbol Federasiyasının nümayəndəsi Tomas Neukum iştirakçıları təmsil etdiyi təşkilat adından salamlayıb və onlara müvəffəqiyyətlər arzu edib.

Ardından meydan komandaların ixtiyarına verilib. Qadınların ikinci tur mübarizəsindən sonra kişilərdən ibarət komandalar da bacarıqlarını sərgiləyib.

İlk gündə keçirilən görüşlərin nəticələrini diqqətinizə çatdırırıq:

18 avqust 2017
Çimərlik həndbolu üzrə Azərbaycan çempionatı
Qadınlar, 1-ci tur

İdman Akademiyası - Azəryol 2 - 0:2
Qarabağ - Azəryol 1 - 0:2
Nur - Azərsu - 2:0

2-ci tur

Azəryol 1 - Azəryol 2 - 2:0
İdman Akademiyası - Nur - 0:2
Azərsu - Qarabağ - 2:1

Kişilər, 1-ci tur

Məhsul - RİOEUGİM - 0:2
Bakı - Təhsil - 2:1

Qeyd edək ki, dairəvi sistemlə keçirilən yarış avqustun 20-dək davam edəcək.

Əlavə edək ki, həndbolsevərləri sentyabr ayında daha bir maraqlı yarış gözləyir. Həndbol üzrə yubiley - 25-ci Azərbaycan Çempionatının maraqlı keçməsi üçün hazırlıqlar artıq başlanıb.