"Qəbələ"nin oyunu ləğv olundu

"Qəbələ” Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub.

SportLine.az saytı xəbər verir ki, Roman Qriqorçukun baş məşqçi olduğu komanda günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

"Qəbələ”nin yanvarın 14-nə nəzərdə tutulan hazırlıq planında isə dəyişiklik edilib. Komanda sabah ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın "Atırau” klubu ilə görüş baş tutmayacaq. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. "Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlıqlarını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.

Qeyd edək ki, "Qəbələ" ilk yoxlama matçında Türkiyə Super Liqasında mübarizə aparan "Akhisar Belediyespor"la heç-heçəyə nail olub - 1:1. 

"Qəbələ" futbol klubunun məlumatı