Şikar Bədəlovdan möhtəşəm qələbə

Kikboks üzrə dünya kəmərinin sahibi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı Şikar Bədəlov növbəti döyüşünə çıxıb.

Sportline.az xəbər verir ki, idmançımız bu dəfə 81 kq çəki dərəcəsində "King of Kings" reytinq döyüşündə çəkidə ondan 10 kq artıq olan niderlandlı Nabil Xazri ilə qarşılaşıb. Türkiyədə keçirilən duelə idmançımız daha yaxşı başlayıb. Rəqibinə imkan verməyən Şikar Bədəlovun zərbələrinə tab gətirə bilməyən Xazri çox keçmədən təslim olub. Beləliklə, kikboksçumuz növbəti qələbəsini qazanaraq Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, Şikar Bədəlov döyüşə məşqçisi Hikmət Hacıyevin rəhbərliyi altında hazırlaşıb. Əməkdar məşqçi Hikmət Hacıyev eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənc kikboksçulardan ibarət millisinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin kikboksinq komandasının baş məşqçisidir.

Xatırladaq ki, bu ilin fevral ayında idmançımız "King of Kings" dünya kuboku çərçivəsində Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Noordin El Benmofu birinci raundun ilk dəqiqəsində məğlub edərək dünya kubokunun sahibi olmuşdu.