Xəyal Canıyev dünya çempionu oldu

Məşhur həmyerlimiz Xəyal Canıyev muaytay üzrə superyarımorta çəkidə dünya çempionluğunu qazanıb.

Sportline.az xəbər verir ki, o, Rusiyanın Çelyabinsk şəhərindəki “Yunost” idman sarayında keçirilən turnirdə ən nüfuzlu WMC versiyası üzrə dünya çempionu adı uğrunda döyüşdə Asiya çempionu olmuş iranlı Moctaba Taravatiyə qalib gəlib. 

Beş raundun hamısında əla çıxış edən “Halk” ləqəbli idmançımızın ikinci raundda rəqibini nokdaun vəziyyətinə saldığını da qeyd edək. Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Canıyevə verilib.

Üç illik fasilədən sonra muaytay yarışında çıxış edən azərbaycanlı döyüşçü yeni çempionluğunu belə şərh edib: “Muaytay karyeramdakı fasilə, hər halda, özünü hiss etdirdi. Döyüşü vaxtından əvvəl başa vurub, tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm”.

Xatırladaq ki, Xəyal Canıyev bundan əvvəl MMA-də də ardıcıl 3 qələbə qazanıb.