Abdullah Zubir: "Növbəti turda PSJ ilə qarşılaşmaq istərdim"
"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"a qarşı keçirdikləri oyun və pley-offa adlamaqları barədə danışıb.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi matçda uduzsa da (0:6), turnir cədvəlində 10 xalla 22-ci yeri tutub və pley-offa vəsiqə qazanıb.
A.Zubir görüşdən sonra UEFA-nın saytına açıqlama verib. O, komandasının uğurunu belə şərh edib: "6-0 hesabı ilə uduzduq. Təbii ki, bu, yaxşı deyil. Amma pley-offa adladığımız üçün xoşbəxtik. "Benfika və "Ayntraxt" üzərindəki qələbələr xüsusi idi. Son dəqiqələrdə qələbə qollarımızı vurmuşduq. Fantastik hiss idi".
34 yaşlı hücumameyilli yarımmüdafiəçi pley-offdakı potensial rəqibləri PSJ (Fransa) və "Nyukasl" (İngiltərə) haqda da danışıb: "Mən fransalıyam. Ona görə də növbəti turda PSJ ilə qarşılaşmaq istərdim. Hətta onlar hazırda dünyanın ən yaxşı komandası olsalar belə. Amma "Nyukasl"la da oynaya bilərik ki. Bu da çətin olardı"