AFFA-dan 10 oyunluq cəza

U-14 Liqasında xoşagəlməz hadisə yaşanıb. SportLine.az xəbər verir ki, qalmaqal Qərb-Gəncə regionunun Tovuz zonasında baş verib.

Hadisə “Təhsil” (Şəmkir) və “Ağstafa Gəncləri”  (Ağstafa) matçının 57-ci dəqiqəsində yaşanıb. Şəmkir təmsilçisinin baş məşqçisi İsmayıl Nəsibov hakimlər briqadasını təhqir edib, onlara qarşı fiziki təsir göstərib. Onun hakimlərlə belə davranışı AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında da müzakirə olunub. Nəticədə “Təhsil”in baş məşqçisinə 10 oyunluq cəza verilib.

Futzal üzrə Azərbaycan birinciliyinin “Zülfiqar 114” – “Admiral” matçı da xoşagəlməz halla yadda qalıb. Bu dəfə də hadisənin qurbanı hakimlər olub. Matçın 29-cu dəqiqəsində “Admiral”ın oyunçusu Asim Şükürov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir edib. Həmin vaxt birbaşa qırmızı vərəqə alan futzalçının hərəkətini müzakirə edən komitə ona 4 matçlıq cəza verib.

Banner