Akrobatlarımız Portuqaliyada 3-cü oldu

Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku (8-10 mart) başa çatıb.

SportLine.az xəbər verir ki, bu kubok, 2019-cu ildə yığma komandamızın qatıldığı ilk turnir olsa da, gimnastlarımız mövsümə uğurla start verib. Belə ki, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi turniri bürünc medalla başa vurublar. Birinci pillədə Rusiya, ikinci yerdə isə Belarus təmsilçiləri qərarlaşıb. Digər qarışıq cütlüyümüz Nurcan Cabbarlı və Ağasif Rəhimov isə təəssüflər olsun ki, finala adlaya bilməyiblər.

Kişi cütlüyümüz Seymur Cəfərov və Murad Əkpərov da final mərhələsində çıxış ediblər. Lakin proqramlarını icra edərkən yol verdikləri səhv onları medaldan uzaq salıb və cütlüyümüz sıralamada 5-ci oub.

Kubokda cütlüklərimizlə yanaşı, ilk dəfə olaraq böyüklər proqramında çıxış edən qadınlardan ibarət qrupumuz da iştirak edib. Ləman Məmmədova, Emiliya Nəzərli və Raziyə Seyidlinin ilk təcrübələri olmasına baxmayaraq, qızlarımız finala düşməyi bacarıblar və yarışı 7-ci olaraq bitiriblər. 

Azərbaycan Gimnastika Federasiyasının Məlumatı