Aleksandr Qusyatnikov: "Prezidentiniz idmanın inkişafı üçün hər şeyi edir"

"Hər zaman olduğu kimi, bu il də “Tour d’Azerbaidjan” yüksək səviyyədə keçirilir. Əlbəttə, istərdik ki, bu yarış daha yüksək kateqoriyaya (2HC) sahib çıxsın və daha sonra Dünya Turu statusu alsın". Bu sözləri Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov veloturun 3-cü mərhələsi (Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ) başlamazdan öncə azərbaycanlı jurnalistlərə müsahibəsi zamanı söyləyib.

Cənab Qusyatnikov fikirlərini belə davam etdirib: "Bunun üçün nə etmək lazımdır? Təhlükəsizliklə bağlı hər hansı problem yoxdur. Sadəcə, maliyyə fondunu artırmaq lazımdır. İnfrastruktura gəlincə, hər şey yüksək səviyyədədir. Otelləriniz və yollar çox əladır. Prezident İlham Əliyev ölkənizdə idmanın inkişafı üçün hər şeyi edir. Həmçinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri qeyd etməliyəm".

Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti həmçinin Elit yığmamız və "Synergy Baku" kontinental komandasının üzvü, Azərbaycanı Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averinin şanslarını da dəyərləndirib: "Maksim Averinin bu il Olimpiadada uğurla çıxış etmək şansı var. Amma yarış marşrutu olduqca mürəkkəbdir. Görünən odur ki, braziliyalılar Olimpiada tarixinin ən çətin velosiped yarışını təşkil etməyi planlaşdırırlar”.