Arif Əsədov: "Xorvatiya ilk "4-lüy"ə düşməyə layiqdir"
Bu gün "Avro-2016"da 1/8 final mərhələsi start götürür. Futbol mütəxəssisi Arif Əsədov ilk günün oyunları barədə fikirlərini SportLine.az saytı ilə bölüşüb.
İsveçrə - Polşa duelində polşalıların şanslarını yüksək dəyərləndirən mütəxəssis, "Polşa oyunu ilə azarkeşləri təəccübləndirdi. Fikrimcə, bu cütün də favoriti polşalılardır. Lakin qələbə heç də asan başa gəlməyəcək. İsveçrə sonadək mübarizə aparacaq", - deyib.
Debütantlar - Uels və Şimali İrlandiya qarşıdurmasında isə A.Əsədov Qaret Beyl və komanda yoldaşlarına inanır: "Uels də çempionatın sürpriz komandalarındandır. Beyl və Remzi kimi ulduz futbolçular ümidləri doğruldur. Şimali İrlandiya isə komanda şəklində gözəl təsir bağışlayır. Komandaların oyun tərzləri də bir-birinə çox yaxındır. Azarkeşlər Britaniya derbisində maraqlı mübarizənin şahidi olacaqlar. Düşünürəm, Uelsin şansları daha çoxdur. Çünki bu komandanın heyətində oyunun taleyini dəyişə biləcək futbolçular var".
Futbol mütəxəssisi günün əsas matçı - Xorvatiya - Portuqaliya oyunundan gərgin mübarizə gözləyir: "Şübhəsiz, maraqlı oyun olacaq. Xorvatiya millisi bu çempionatın ən məzmunlu oyun sərgiləyən komandalarındandır. Xorvatlar, təkcə, Portuqaliya ilə görüşdə favorit deyillər. Onlar ilk "4-lüy"ə düşməyə layiqdirlər. Sadəcə, sonadək mübarizə aparmaq lazımdır. Çexiya ilə görüşdəki səhv təkrarlansa, vəziyyət çətin ola bilər".
Xatırladaq ki, "Avro-2016"da günün proqramı belədir:
25 iyun 2016
"Avro-2016"
1/8 final
17:00. İsveçrə - Polşa
20:00. Uels - Şimali İrlandiya
23:00. Xorvatiya - Portuqaliya