"Linfild"in baş məşqçisi: "Qarabağ"ın heyətində yaxşı futbolçular var"
Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Qarabağ"ı qəbul edəcək Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi David Hili oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.
Sportline.az xəbər verir ki, 41 yaşlı mütəxəssis çətin oyuna çıxacaqlarını deyib:
"Bizi çətin oyun gözləyir. "Qarabağ" avrokuboklarda daimi çıxış edən yaxşı kollektivdir. Onların Kiprin APOEL klubuna qarşı son oyunlarına baxdım və ikinci oyunun nəticəsi məni təəccübləndirdi. Rəqib indi daha da diqqətli oynayacaq. "Qarabağ"ın növbəti matçda çox aqressiv olacağını düşünmürəm. Biz hər iki görüşdə ən yaxşı oyunumuzu sərgiləməliyik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Qarabağ"ın heyətində yaxşı futbolçular var".
Belfastdakı "Vindzor Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.