"Avro-2016" başlayır!
Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək. SportLine.az xəbər verir ki, Fransada keçiriləcək XV qitə birinciliyində ilk dəfə 24 komanda iştirak edəcək.
Oyunlara 10 şəhər ev sahibliyi edəcək. Final 80 minlik "Stad de Frans" arenasında oynanılacaq. Açılış matçı da bu stadionda keçiriləcək. Bakı vaxtı ilə 23:00-da start götürəcək Fransa - Rumıniya matçı ilə Avropa çempionatı həyəcanı başlanacaq.
Şimali İrlandiya, Uels, Slovakiya, İslandiya və Albaniya tarixində ilk dəfədir qitə birinciliyinin final mərhələsində iştirak edir.
Yarışın əsas Favoriti Fransa seçməsidir. 1984 və 2000-ci illərdə Avropa çempionu adına yiyələnən "xoruzlar" 1998-ci ildə öz ölkələrində təşkil olunan Dünya çempionatında da qalib gəlib. Didiye Deşamın rəhbərlik etdiyi komandanın heyətində kifayət qədər gənc ulduzlar yer alıb. Antuan Qrizman, Olivye Jiru, Pol Poqba kimi oyunçulara fransalı azarkeşlərin ümidləri böyükdür.
Ev sahibləri ilə yanaşı, Almaniya, İspaniya, İtaliya həmişə olduğu kimi, favoritlər sırasındadır. Gənc heyətlə qitə birinciliyinə qatılan İngiltərə və Belçika millilərinin də hansı nəticələrə imza atacağı maraqla gözlənilir.
Qeyd edək ki, bu gün start götürəcək Avropa çempionatına iyulun 10-da yekun vurulacaq.