Avropa çempionatının açılış mərasimi keçirildi

Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib.

SportLine.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimini izləmək üçün stadiona gələn idman ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Çempionatın açılış mərasimində rəqqaslar və bu şouda iştirak edən yerli könüllülər çıxışlarında Azərbaycanın qədim ənənələrinə uyğun olaraq onun idman, futbol və həmçinin mədəni komponentlərini nümayiş etdiribdilər.

Azərbaycan Respublikasının əməkdar Artisti, “UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016”nın səfiri Röya Ayxan və populyar müğənni Miri Yusif çıxış ediblər. Hər iki müğənni Avropa çempionatının “Biz qalib olmalıyıq!” adlı rəsmi himnini duet şəklində ifa ediblər. Musiqisi İsmayıl Əsədova və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himnə futbol mövzusunda klip çəkilib.

Daha sonra Azərbaycanın və Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandaları yaşıl meydana daxil olublar.

Mərasimin ardından Azərbaycan və Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmaları meydana daxil 

Qeyd edək ki, qitə turnirinin final mərhələsində 4 qrupda 16 komanda mübarizə aparır. Qrup oyunları mayın 12-dək davam edəcək. 14-15 mayda 1/4 final, 18 mayda isə yarımfinal oyunları keçiriləcək. Turnirin final qarşılaşması mayın 21-də keçiriləcək. 

Avropa çempionatının A qrupunda Azərbaycan, Belçika, Portuqaliya, Şotlandiya, B qrupunda Avstriya, Almaniya, Ukrayna, Bosniya və Hersoqovina, C qrupunda Danimarka, İngiltərə, Fransa, İsveç, D qrupunda isə İtaliya, Hollandiya, Serbiya və İspaniya komandaları yer alıb. 

Xatırladaq ki, "UEFA U-17" çempionatının Azərbaycanda təşkil olunması barədə qərar UEFA İcraiyyə Komitəsinin 2012-ci il martın 20-də Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında qəbul olunub. "UEFA U-17" Avropa çempionatının oyunları Bakıda yerləşən 4 stadionda keçiriləcək. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Suraxanı qəsəbəsindəki “Qarabağ” stadionunda yalnız qrup oyunları keçiriləcək. Burada 6 oyun olacaq. 8-ci Kilometr stadionunda 8 (2-si 1/4 final qarşılaşması olmaqla), “Dalğa Arena”da 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Bakı Olimpiya Stadionunda isə 9 oyun təşkil olunacaq.