Avropa mükafatçımız: "Etiraf edirəm ki..."

İsrailin Tel-Əviv şəhərində bəddi gimnastika üzrə Avropa çempionatında 4 bürünc medal qazanan komandamız Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Sportline.az saytına açıqlamasında təəssüratlarını bölüşən komandamızın üzvləri ölkəmizi daha yaxşı təmsil etmək üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Zeynəb Hümmətova: "Hər bir idman mükafatı kimi, Avropa çempionatında qazandığımız medalların arxasında böyük zəhmət və gərgin məşq dayanır. Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, bizimlə çalışan hər kəsə və təbii ki, böyük dəstəyə görə valideynlərimizə dərin təşəkkürümüzü bildiririk. Bu dəstək bizə güc verir, ona görə də mükafatlarımız ümumi uğurdur. Bundan sonra da Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq”.

Güllü Ağalarzadə: "Biz fəxr edirik ki, Azərbaycanı Avropa çempionatında layiqincə təmsil etdik. Biz bundan sonra da yaxşı nəticələr göstərmək və fəxri kürsünün ən yüksək pillələrinə yüksəlmək üçün çox çalışacağıq".

Kamilla Qafarova: "Çempionat mənə böyük təcrübə qazandırdı. Çox şadam ki, ləyaqətlə çıxış etdim və ölkəmə medal gətirdim. Etiraf edirəm ki, çempionatda rəqiblər güclü idi, İtaliya və Bolqarıstandan olan gimnastları xüsusi qeyd edə bilərəm".

Xatırladaq ki, iyunun 15-19-da Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan komandası dörd bürünc medal qazanıb. Gürzlərlə hərəkətdə azərbaycanlı gənc gimnast Kamilla Qafarova üçüncü olub. Azərbaycan komandası qrup hərəkətlərində - çoxnövçülükdə, beş halqa ilə proqramda və üç lent və iki topla hərəkətdə üç bürünc medal qazanıb.