Azərbaycan futbolunun problemləri və onların həlli yolları – LAYİHƏ
SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində 12-ci yazını dəyərli oxucularına təqdim edir. AFFA yanında Media Komitəsinin dəstəyi ilə bu layihənin icrasına başlayarkən qarşımıza bir-neçə əsas məqamı prioritet kimi qoymuşduq. Həmin prioritetlər istedadlı futbolçuların hələ uşaq yaşlarından tapılması və onların düzgün inkişafına nail olmaq üçün görülməsi vacib olan tədbirlərin müəyyənləşdirilməsi; Azərbaycanın bölgələrində uşaq futbolunun vəziyyəti və aktual olan problemlər; 2005-ci ildə qəbul edilmiş Dövlət Proqramının icrası prosesi və yeni proqramın qəbuluna ehtiyacın olub-olmamasının öyrənilməsi; 2020-ci ildə Bakının da ev sahibliyi edəcəyi Avropa çempionatına hazırlığın gedişiylə tanışlıq idi. İndiyə qədər bu layihə çərçivəsində oxucularımıza təqdim etdiyimiz 11 yazıda bütün bu məqamları əhatə etməyə, mövcud vəziyyətlə tanış olmağa, problemləri və onların həlli yollarını öyrənməyə çalışdıq. Bu gün sizə təqdim etdiyimiz yazıda isə, həmin məqamlara ümimi baxış keçirməklə layihəmizi yekunlaşdırmağı nəzərdə tuturuq.
Uşaq futbolu: gələcəyə ümid var, amma görüləsi işlər çoxdur
Azərbaycan futbolunun hazırkı səviyyəsini qiymətləndirərkən bizim inkişaf yolunu tutduğumuzu demək mümkündür. Tarixə nəzər salanda nəzərəçarpan uğurların əldə olunduğu, gələcəyə ümidlə baxmaq üçün ciddi əsasların mövcudluğu aydın görünür. Nəzərə almaq lazımdır ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi, futbolda da uzun müddət durğunluq yaşandı. İnfrastruktur dağıldı, futbol tələb olunan səviyyədə maddi və mənəvi dəstək almadı. Artıq həmin ağrılı-acılı günləri, çətin mərhələləri geridə qoymuşuq. Ölkəmizin sosial-iqtisadi həyatındakı sürətli inkişafın əlamətləri futbolda da hiss olunmaqdadır. Bu gün həm paytaxtımızda, həm də bölgələrdə müasir standartlara cavab verən futbol meydanları və idman kompleksləri yetərli saydadır. 10-15 il bundan əvvəl klublarımızın avrokuboklarda bir-iki mərhələ keçməsinə sevinirdiksə, “Qarabağ” bu gün nüfuzlu Çempionlar Liqasının qrup mərhələsinin 32 iştirakçısından biridir. Ağdam klubundan savayı “Neftçi” və “Qəbələ” də qitə kuboklarında qrup mərhələsinin həyacanını yaşayıb. “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası hazırda UEFA-nın Gənclər Liqasında “Roma”, “Çelsi” və “Atletiko” kimi adlı-sanlı rəqiblərlə eyni qrupda yarışır. Sözsüz ki, bu turnir gənc futbolçularımızın beynəlxalq təcrübə qazanmasına və bir peşəkar kimi formalaşmasına əvəzsiz töhvə vermiş olacaq. Qurban Qurbanovun çalışdırdığı əsas komandanın Çempionlar Liqasında iştirakı isə, Azərbaycanda futbolun populyarlaşmasına, yeniyetmələrin top oyununa maraq göstərməsinə böyük təkan verəcək. “Qarabağ”ın “Roma” ilə Bakıda keçirilən oyununda azarkeş rekordunun qeydə alınması da bunun isbatıdır.
Əldə edilən nailiyyətləri sadalamaq sözsüz ki, çox xoşdur. Amma onlarla kifayətlənməməli, daha böyük uğurlara çatmaq üçün səyləri artırmalıyıq. Uğurların davamlı olması, milli komandalarımızın nəticələrinin də yaxşılaşması üçün isə, bölgələrə və uşaq futboluna diqqətin artırılması vacib şərtdir. Qəbələ Futbol Akademiyasından bəhs etdiyimiz yazıda bir daha əmin olduq ki, eyni adlı rayonu təmsil edən klub bu istiqamətdə ciddi addımlar atıb və xarici təcrübədən yararlanaraq sağlam təməllər üzərində infrastruktur yaradıb. Məşhur məsəldə deyildiyi kimi, bir güllə bahar olmaz. Bu tip akademiyaları ölkənin bütün regionlarında yaratmaq, istedadı ilə fərqlənən yeniyetmələri həmin akademiyalarda həm futbol məşqlərinə, həm də yaxşı təhsilə cəlb etmək gələcəkdə böyük uğurlar qazanmağımızın təminatçısıdır.
Yazılarımızın birində bizimlə həmsöhbət olan Cəbrayılın “Xudafərin” komandasının məşqçisi Nazim Fətullayev ağrılı məqama toxunmuşdu. Məlum olmuşdu ki, “Xudafərin”in ötən il Azərbaycanın U-15 millisinə dəvət alan yetirməsi Hüseyn Məmmədovun valideynlərinin Bakıda yaşamağa imkanı olmadığına görə, istedadlı futbolçunun gələcəyi qeyri-müəyyəndir. Hər il Azərbaycanda Hüseyn kimi neçə-neçə istedad bu cür məişət problemləri səbəbindən futbolu atır, peşəkar karyera qura bilmir. Belələrinin düzgün dəyərləndirilməsi, Azərbaycan futboluna bəxş etdirilməsi üçün akademiyaların sayının artırılması, bütün ölkə ərazisini əhatə etməsi çox yaxşı olardı.
Akademiyalarla yanaşı AFFA və PFL-in bayrağı altında keçirilən çempionatların əhatə dairəsinin genişləndirilməsi də vacibdir. SportLine.az-ın apardığı araşdırmalardan sonra məlum oldu ki, aşağı yaş qrupları üzrə çempionatlarda bölgə təmsilçilərinin sayı çox azdır. Futbol akademiyasının sayəsində “Qəbələ”nin hegemonluq etdiyi aşağı yaş qrupları üzrə çempionatlarda əyalət təmsilçiləri tək əlin barmaqlarının sayı qədər iştirakçıyla təmsil olunur. Həmin təmsilçilər də səviyyə ilə ayaqlaşa bilmir, əsasən turnir cədvələnin “zirzəmisində” gün keçirməklə təskinlik tapırlar. Deməli, daha yaxşı təşkilatçılığa və işə ciddi yanaşmağa ehtiyac var.
Salyanlı uşaq məşqçisi Heydər Ağayev saytımıza müsahibəsində çox maraqlı məqamı vurğulamışdı. Təcrübəli mütəxəssis rayonda azı birinci divizionda çıxış edən komandanın olmasını futbolla maraqlanan uşaqlar üçün stimula çeviriləcəyini belə əsaslandırmışdı: “Rayonda peşəkar klubun, ölkə çempionatında yarışan komandanın olmaması da işimizə ciddi təsir edir. Çünki uşaq o futbolçulara baxır və həvəslənir. Böyük futbolçular arasında özünə kumir seçir. Çalışır ki, onlara oxşasın və bunun üçün səylə çalışır”. Əksər bölgələrimizin futbolsuz qalması, rayonların Premyer Liqada və divizionda təmsil olunmaması uşaq məşqçilərinin işini çətinləşdirən, ciddi problemə çevrilən amildir. Azyaşlılar təkcə məşq etməklə, həmyaşıdları ilə top qovmaqla yox, böyük futbolu və futbolçuları izləməklə püxtələşməlidir.
Yeni Dövlət Proqramının qəbulu növbəti inkişaf dalğasına səbəb olacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci ilin 10 oktyabrında, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzaladı. Məhz həmin sərəncamın imzalanmasından sonra Azərbaycan futbolu yeni inkişaf mərhələsinə qədəm qoydu. Tezliklə ölkəmizin futbol ailəsinə yeni-yeni futbol klubları daxil olmağa başladı. Azərbaycan çempionatında rəqabət güzəştsiz mərhələyə qədəm qoydu. Səviyyəli legionerlər, tanınmış xarici məşqçilər ölkəmizə gəlməyə başladılar. 10 ili əhatə edən dövr ərzində futbolumuzda böyük pullar dövr etdi. Azərbaycan milli komandası Berti Foqtsa həvalə olundu. Əvvəllər səfər oyunlarına 2-3 dəfə təyyarə dəyişməklə, adi reyslə yollanan millimiz çarter uçuşlarının, xarici ölkələrdə uzunmüddətli təlim-məşq toplanışının nə olduğunu öyrəndi. Proqramın icra olunmağa başlamasıyla ölkədə yeni-yeni futbol meydanları tikildi. Milli komandanın təlim-məşq bazası istifadəyə verildi.
Həmin illərdə ölkənin bir-çox aparıcı klublarında çıxış etmiş, milli komandanın şərəfini qorumuş Kamal Quliyev proqramın qəbulundan sonra baş verən dəyişiklikləri SportLine.az-ın sorğusuna cavab olaraq belə təsvir etmişdi: “2005-ci ildən sonra bizim futbolumuzda bir çox dəyişikliklər yaşandı. Klubların sayı artdı, onların maddi imkanları yaxşılaşdı, futbolçuların güzəranında xeyli dəyişiklik oldu. Dövlət proqramının qəbulu rəqabətə də təkan verdi. Sözün yaxşı mənasında bəhskarlıq yarandı. İş adamları klub rəhbərlərinə çevrilirdilər və sanki bir-biri ilə yarışa çıxmışdılar. Hamı istəyirdi ki, özünün daha yaxşı olduğunu nümayiş etdirsin. Bunun üçün isə kluba ayrılan pullar artırılır, yeni bazalar tikilir, stadionlar təmir edilirdi. Ona qədər futbolçular oyunlara və məşqə adi marşrut xəttində işləyən avtobuslarda gedib-gəlirdilər. Bu narahat avtobusları tezliklə ən son model komfortlu nəqliyyat vasitələri əvəz etdi. Xırda detal kimi görünsə də, bunun özü də vacib amildir. Sonra geyim dəstləri, məşq ləvazimatları keyfiyyətliləri ilə əvəzləndi”.
Kamal bəyin bu izahı vəziyyəti çox qısa və aydın şəkildə təsvir edir. Bu gün Azərbaycanda futbol gəlir gətirən sahə sayılmır. Təkcə “Qarabağ”la “Qəbələ” son illərdə avrokuboklarda uğurlu çıxışın, qrup mərhələsində oynamağın bəhrəsini görür. Digərləri isə birmənalı olaraq sponsorların səxavətinə möhtacdırlar. Xeyli müddətdir ki, futbolumuzda hiss olunan durğunluğun, Premyer Liqadaki rəqabətin, eləcə də klubların sayındakı azalmanın da əsas səbəbi budur. Deməli, yeni bir dalğaya, dövlət dəstəyinə ehtiyac yaranıb. İş adamlarını futbola sərmayə yatırmağa cəlb edəcək ciddi səbəblər olmalıdır. Bununla yanaşı bölgələrdə icra hakimiyyətlərinin, dövlət idarələrinin futbol klublarına dəstək göstərməsi vacibdir. Zaman sübut edir ki, təkcə AFFA-nın cəhdləri və maddi dəstəyi ilə ölkə futbolunda nəzərəçarpan tərəqqiyə nail olmaq, bölgə klublarını ayaqda saxlamaq müşkül məsələdir. Dövlətin kiçik bir dəstəyi belə, bu işdə böyük təkana çevrilər, yeni bir sıçrayışa səbəb olar. Amma bu dəfə Dövlət Proqramının daha dəqiqliklə hazırlanmasına, cavabdehlərin məsuliyyət payının düzgün müəyyənləşdirilməsinə və onun icrasına ciddi nəzarət qaçılmazdır. Yalnız bu halda Dövlət Proqramının daha böyük faydaları Azərbaycan futbolunda hiss edilə bilər.
“Ümid milli komandamız” ondan gözlənəni verə biləcəkmi?
Qardaş Türkiyədə 21yaşadək futbolçuların çıxış etdiyi yığmanı “Ümit Milli Takımı” adlandırırlar. Bunun da izahı çox sadədir. Həmin gənc futbolçular millinin gələcəyi sayılır, onlara böyük ümidlər bəslənilir. Azərbaycanda da sistem bu cür qurulub. Amma kiçik bir fərqlə. Bir-neçə il əvvəl Bakının iki böyük əhəmiyyətli futbol turnirinə ev sahibliyi edəcəyi məlum oldu. 2016-ci ildə 17 yaşadək futbolçular Avropa çempionatına Bakı ev sahibliyi etdi. Paytaxtımız qitə çempionatını yüksək səviyyədə keçirməyi, Azərbaycana gələn qonaqları təşkilatçılıq bacarığı ilə razı salmağı bacardı. Hazırda isə daha böyük və məsuliyyətli yarışa hazırlaşırıq. 2020-ci ildə keçiriləcək qitə çempionatının oyunlarını qəbul edəcək şəhərlər arasında Bakının da adı var. AFFA-nın qəbul etdiyi strateji planda isə bu iki turnirə paralel hazırlaşmaq nəzərdə tutulurdu. Təbriz Həsənovun rəhbərliyi ilə ötən ilki Avropa çempionatına qatılan U-17 millimiz Azərbaycan futbolunun gələcəyi hesab edilirdi. AFFA rəhbərliyi bu komandanın yüksək səviyyədə hazırlığına, beynəlxalq turnurlərdə iştirakına, təlim-məşq toplanışlarına xüsusi diqqət ayırmaqla həmin gələcəyə ümidlə yanaşdığını göstərirdi.
Hazırda həmin futbolçuların böyük əksəriyyəti U-19 millisində elə Təbriz Həsənovun rəhbərliyi altında çıxış edirlər. Layihəmiz çərçivəsində suallarımızı cavablandıran U-19-un baş məşqçisi milli üzvlərinin əsas problemi kimi gənclərin öz klublarının heyətində az çıxış etməsini və beynəlxalq oyun təcrübəsinin azlığını göstərmişdi. Həqiqətən də bu gün U-19-a dəvət alan futbolçuların mütləq əksəriyyəti nəinki Premyer Liqada meydana çıxmırlar, heç əvəzedici komandalarda belə əsas heyət üzvü sayılmırlar. Belədə onlardan millinin rəsmi oyunlarında parlaq çıxış, uğurlu nəticə gözləmək də inandırıcı görünmür. Çıxış yolu isə ümid bəslədiyimiz gənclərin öz klublarında daha çox şans qazanmaları, oyun təcrübəsini artırmaları və yaxud da ölkədən xaricə yollanmalarıdır. Bu mənada Bakıdakı U-17 Avropa çempionatında da özünü yaxşı tərəfdən göstərməyi bacaran Fərid Nəbiyevin Praqa təmsilçisi “Slaviya”ya yollanması alqışa layiqdir. Kaş ki, digər gənclərimiz də Fəridin açdığı cığırla hərəkət etməyi, Avropanın ortabab klublarına transfer olunmağı bacaraydılar.
Hazırda Almaniyada təlim-məşq toplanışında olan U-19 millimiz tezliklə yeni seçmə mərhələdə mübarizəyə başlayacaq. Gənclərimizi 7-ci qrupun İrlandiyada keçirilən seçmə oyunlarında meydan sahibləri ilə yanaşı Serbiya və Kipr yığmaları ilə çətin oyunlar gözləyir. Ümid edək ki, uzaq İrlandiyadan aldığımız qələbə xəbərləri ilə sevinəcəyik. Hazırda U-19-un heyətində oynayan həmin gənclərin çiynində böyük yük var. Onlar bu ağır yükü şərəflə daşımağa hazır olmalı, yaxın 3-4 ildə Azərbaycanın əsas millisinin aparıcı simalarına çevrilməlidirlər.
SportLine.az saytının AFFA yanında Media Komitəsinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycan futbolunun problemləri və onların həlli yolları” adlı layihə bu yazı ilə yekunlaşır. Amma, bundan sonra da yeni yazılarla futbolumuzun inkişafına dəstək verməyə, problemlərin araşdırılmasına və onların həlli yollarının axtarılmasına davam edəcəyik.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir