Azərbaycan futbolunun tarixi: Bizim dünya və Avropa çempionlarımız
Sportline.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində 5-ci yazını təqdim edir.
Ötən ilin bu günlərində, Bakı daha bir mötəbər idman yarışına ev sahibliyi edirdi. Qitənin ən güclü U-17 milli komandaları paytaxtımıza toplaşmışdı. Bu yaş qrupunda Avropanın ən güclüsü məhz doğma şəhərimizdə müəyyənləşdi. Bizimkilərin bir qələbə və bir heç-heçə sayəsində 4 xal topladığı turnirin qalibi adını Portuqaliyadan olan gələcəyin “ulduz” futbolçuları qazandılar. Sözsüz ki, Fiqunun həmyerlilərinin Bakıda kubok qaldırmasına ikili hisslərlə yanaşdıq. Bir anlıq ürəyimizdən keçdi ki, kaş bizim millimiz qızıl medalları qazanardı, çempionluq sevincini yaşayardıq. Hazırkı şəraitdə bu bizə xəyal kimi görünür. Amma nə vaxtsa Azərbaycan futbolu yenidən dünya və Avropa çempionları yetişdirəcək. Bəli, məhz yenidən. Bu sözü işlətməklə hansısa səhvə yol verməmişik. Çünki...
Bizim də dünya və Avropa çempionu olmuş futbolçularımız var.
Bədbinliyə qapılmayaq, zirvələrin bizim üçün əlçatmaz olduğunu düşünməyək. Bir vaxtlar yüksək istedadlara malik futbolçular tapıb, ortaya çıxara bilmişiksə, bunu yenidən bacararıq. Ötən yazılarımızda təkcə SSRİ miqyasında deyil, bütün dünyada tanınan iki dahidən bəhs etmişdik. Anatoli Banişevski ilə Ələkbər Məmmədovun ömür yoluna yenidən işıq salmışdıq. Bu dəfəki yazımızın qəhrəmanları isə, SSRİ yığmasının heyətində dünya və qitə çempionu olmağı bacarmış həmvətənlərimizdir. Azərbaycan futbolu nə az, nə çox, düz beş belə futbolçu yetişdirib: Arif Əsədov, Vladislav Qədirov, Vladislav Lemiş, Tərlan Əhmədov və Ruslan Lukin.
İndiki nəsil futbol azarkeşləri Lemiş və Lukin haqqında o qədər də məlumatlı deyillər. Ruslan Lukin Tərlan Əhmədovla birlikdə 1990-cı ildə 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi olub. Futbolçu karyerasını Bakının “Termist” komandasında başlayan Lukin sonradan Belorusa köçüb, Minskin “Dinamo” komandasının heyətində çıxış edib. Maraqlıdır ki, Ruslan Minskdə yaşasa da, “Neftçi”dən və Azərbaycan millisindən gələn dəvətlərə “yox” deməyib. 1991-ci ildə “Neftçi”nin heyətində bir oyuna çıxan Lukin daha sonra yenidən Minskə qayıdıb. Azərbaycan millisinin 1993-cü ilin yayında Tehranda keçirdiyi yoxlama görüşlərində, eləcə də 1994-cü ilin aprelində Maltayla oyunda iştirak edib.
1987-ci ildə Kanadada keçirilən dünya çempionatında qızıl medal qazanan SSRİ-nin U-17 yığmasının heyətində isə 3 həmyerlimiz olub. Arif Əsədov və Vladislav Qədirovla yanaşı Vladislav Lemiş də Azərbaycan futbolunu mundialda uğurla təmsil edib. 1970-ci ilin avqustunda Bakıda doğulan Lemiş, hazırda Krasnodarda yaşayır. O, 1988-89-cu illər mövsümündə “Neftçi”nin əvəzedici heyətində 15 oyun keçirəndən sonra Rusiya və İspaniya klublarında çıxış edib. 1992-ci ildə Rusiya, 1994-cü ildə isə Azərbaycan yığmasının formasını geyinib. Qəribədir ki, həm ruslar, həm də bizim millinin məşqçiləri Lemişə yalnız bir dəfə dəvət göndəriblər. Lukin kimi Lemiş də millimizin Maltaya 0:5 hesabıyla uduzduğu oyunun iştirakçısı olub.
Peskaryovun kəşf etdiyi “trio”
Əsədovla Vladislavları Bakıda Peskaryov soyadlı məşqçi həmyaşıdlarından fərqləndirib. Onların SSRİ yığmasına dəvət almasının səbəbkarı məhz o sayılmalıdır. 1984-cü ildə Azərbaycanın yeniyetmələrdən ibarət yığmasında oynayan bu futbolçular, tezliklə, SSRİ-nin U-17 komandasına namizədlər sırasına daxil ediliblər. İki il ardıcıl müxtəlif turnirlərdə SSRİ-nin U-17 komandasının heyətində oynayan bizimkilər Kanadada keçirilən dünya çempionatına yollanan heyətdə də yerlərini öz oyunları ilə təmin etməyi bacarıblar.
O vaxtkı reqlamentə görə mundiala vəsiqə qitə çempionatında qazanılırdı. SSRİ yığması isə, həmin il keçirilən Avropa çempionatının finalında İtaliyaya uduzmaqla həm qitənin ikincisi adını, həm də dünya çempionatda iştirak hüququnu qazanmışdı.
Dünya çempionatına güclü Nigeriya yığmasıyla 1:1 hesablı bərabərliklə start verən SSRİ, növbəti qarşılaşmada Meksikanın qapısına 7 qol vurur. Həmin qollardan birinin müəllifi isə həmyerlimiz Vladislav Qədirov idi. Qədirovun açdığı cığırı, növbəti qarşılaşmada Arif Əsədov davam etdirir. SSRİ-nin 4:2 hesablı qələbəsi ilə bitən oyunda, Əsədov adını qol müəllifi kimi tabloya yazdırır.
Arif Əsədov: “SSRİ dağılmasaydı, mən böyüklər arasında da dünya çempionu olardım”
Sportline.az oxucuları üçün, keçmişi vərəqləyən, xatirlərini təzələyən Arif bəy hər şeyi indiki kimi xatırladığını bildirdi. Söhbət əsnasında bizim də buna şübhəmiz qalmadı. Çünki, Əsədov dünya çempionluğuna qədər uzanan yolun hər xırda detalını dəqiqliklə xatırlayırdı:
“Biz o vaxt qarşımıza o qədər də böyük məqsədlər qoymadan futbol oynamağa başlamışdıq. Amma sonradan gördük ki, zəhmət çəkəndə və Allahın verdiyi istedadı düzgün dəyərləndirəndə, mümkünsüz heç nə yoxdur. “Gənclik kuboku”ndan sonra bizi SSRİ yığmasına namizədlər sırasına dəvət etdilər. Cəmi 14 yaşımız vardı. Yaxşı ki, Bakıdan 3 nəfər idik. Çalışırdıq bir-birimizə dəstək olaq, darıxmayaq. İlk vaxtlar çox çətin idi. Sonra öyrəşdik. O sürəti ki, mən yığmışdım, SSRİ dağılmasaydı, mən böyüklər arasında da dünya çempionu olardım (gülür). Kanadaya yollanmazdan əvvəl Avropa çempionatında 2-ci yeri tutduq. Dünya çempionatında Nigeriya ilə ilk oyun çox çətin alındı. Afrika təmsilçisi finalda yenidən qarşımıza çıxmaqla öz gücünü bir daha sübut etdi. Onlarla heç-heçədən sonra Meksika və Boliviyanı udduq. Qrupdan lider kimi çıxdıq və növbəti rəqib Fransa oldu. Fransızlar da çox güclü idi, bərabərsəviyyəli oyunda 3:2 hesablı qələbəyə sevindik. Yarımfinalda isə Fil Dişi Sahilini 5:1-lə keçdik. Nigeriya ilə final oyunu açılışdakı kimi yenə 1:1 bitdi. Penaltilərdən isə daha yaxşı yararlandıq və evə çempion kimi qayıtdıq. O yaşda uşaq üçün böyük uğur idi. Özümüzü dünyanın təkcə çempionu yox, xoşbəxti kimi hiss edirdik.
Çempion heyətdən gənclər yığmasına 5 futbolçunu çağırdılar. Həmin vaxt 1970 və 71-ci il təvəllüdlülər yeniyetmə sayılırdı, 1969-70 isə gənclər. Mənimlə birlikdə Qədirovu da gənclər yığmasının təlim-məşq toplanışına dəvət etdilər. Bu dəfə gənclər arasında Avropa çempionatına hazırlaşırdıq. Final mərhələsi Çexoslavakiyada keçirilirdi. Təəssüf ki, Vladislav final mərhələsinə yollanan heyətə düşə bilmədi, Bakıdan yalnız mən qaldım.
Avropa çempionatının finalına yüksəldik, orada isə rəqibmiz sonradan bütün dünyada tanınacaq futbolçuların çıxış etdiyi Portuqaliya idi. Bu dəfə də əsas vaxt heç-heçə başa çatdı, uzatmalarda 3:1 hesabıyla qalib gəldik, Avropanın ən güclüsü adını da qazandım”.
Arif bəy dünya və Avropa çempionu olarkən nə qədər mükafat aldıqlarını da gizlətmədi: “Sözün düzü, yeniyetmə və gənc yaşlarımızda bizim üçün məsələnin maddi tərəfi elə də maraqlı deyildi. Amma bizi mükafatsız qoymadılar. Dünya çempionatı zamanı hər oyuna görə ayrıca mükafat alırdıq. Sonda məbləğ 1200 dollar oldu. 1000 rubl da sovet pulu ilə aldıq. Avropa çempionu olarkən isə, 4000 rubl verdilər. İndiki gənclərə də məsləhətim odur ki, pulu hər şeydən əvvəl fikirləşməsinlər. Böyük məqsədlərə, çempionluqlara çatmaq üçün əzmlə çalışsınlar, pul sonra özü gələcək”.
İnternartdan Avropa çempionluğuna
Tərlan Əhmədovu isə internatda oxuduğu vaxt SSRİ yığmasına dəvət ediblər. Valideynləri onu Bakıdakı idman təmayüllü internat məktəbinə göndərəndə özü də getdiyi yolun sonunda böyük uğurların, çempionluqların onu gözlədiyinə inanmazdı. Amma göründüyü kimi, Əhmədov da zəhmətinin bəhrəsini Avropanın ən güclüsü adını qazanmaqla görüb.
Tərlan bəy də SportLine.az oxucuları üçün xatirələrini həvəslə təzələdi: “Bakıxanovdakı internat məktəbinə 8-ci sinifdə oxuyanda gəlmişdim. Özümü həmin idman təmayüllü internatın yetirməsi sayıram. Oranın futbol komandasında top oyununun sirrlərinə yiyələnmişəm. 1986-cı ildə bu tip məktəblər arasında SSRİ birinciliyi keçirilirdi. Daşkənddə keçirilən turnirdə biz 2-ci olduq. Rəhman Tağıyevlə Ənvər Əliyev bizim komandanın məşqçisi idi. Onlar mənə bildirdilər ki, SSRİ yığmasından mənə dəvət gəlib.
15 yaşım var idi, bir qədər təcrübəsiz və həyacanlı idim. SSRİ yığmasını isə Gennadi İvanoviç çalışdırırdı. İki dəfə təlim-məşq toplanışına qatıldım və sonradan məni yığmağa çağırmadılar. Artıq bütün diqqətimi özümə yönəltdim, daha çox çalışmağa başladım. 1987 və 88-ci illərdə “Neftçi”nin əvəzedici heyətində oynayırdım. 89-cu ildə isə əsas komandaya qoşuldum. Bundan sonra mənə yenidən yığmadan dəvət gəldi. Özü də bu dəfə U-19 yığmasına. Qarşıma məqsəd qoymuşdum ki, yığmada möhkəmlənim, şansı əldən buraxmayım. 1990-cı ilin avqustunda Macarıstanda keçirilən Avropa çempionatına yollandıq. Ruslan Lukin də mənimlə birlikdə Azərbaycan futbolunu təmsil edirdik. Hər ikimiz Avropa çempionu olduq. Final qarşılaşmasında rəqibimiz Fiqulu Portuqaliya idi. Heyf ki, mən zədəli olduğuma görə finalda iştirak edə bilmədim. İlk oyunda İsveçi məğlub etdik, mən əvəzedilmədən meydanda oldum. Növbəti rəqib İngiltərə idi, onları da 3:1 udduq. Mənimlə birlikdə Buşmanov müdafiədə yer alırdı. O sərbəst müdafiəçi idi, mən isə rəqib hücumçulara qarşı fərdi oynayırdım. İngilislərin qaradərili hücumçusu əlimdən bezmişdi, ona göz açmağa imkan vermirdim. Sona yaxın əsəbləşdi, dizimə güclü zərbə ilə xəsarət yetirdi. Diz qapağımın altına qan yığıldığından növbəti oyunları buraxmalı oldum.
Məni sonradan dünya çempionatına hazırlaşan heyətə də çağırmışdılar. Orda qarşımı erməni - SSRİ Futbol Federasiyasında yüksək vəzifə tutan Simonyan kəsdi. Çünki, eyni mövqedə erməni futbolçu ilə rəqabətdən mən qalib çıxırdım. Qısqanclıq hissi erməniyə imkan vermədi. Azərbaycandan yığmaya namizəd olan Maşallahın, İsgəndərin də qarşısını o erməni kəsib.
Azərbaycana qayıdandan sonra Aydın İbrahimov məni yanına çağırdı, mükafat kimi “BK” markalı kondisioner hədiyyə etmək istəyirdi. Amma mənim Bakıda evim yox idi, rayondakı evimizdə isə atam kondisioner quraşdırmışdı. Bu səbəbdən də imtina etdim. Sonra kondisionerin pulunu təklif etdi, onu da götürmədim. Moskvada isə “Sport Otel”də adımıza əmək kitabçası və əmanət kartı açılmışdı. Mükafatımız təxminən 7 min dollara bərabər idi. Bizə “İdman ustası” adını da elə hava limanındaca verdilər”.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir