Azərbaycan güləşçisi ermənistanlı rəqibinə qalib gələrək finala çıxıb

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Sportline.az xəbər verir ki, təcrübəli idmançı yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçatryana 5:1 hesabı ilə qalib gəlib.

Murad Məmmədov (63 kq) eyni raundda türkiyəli həmkarı Kərəm Kamala uduzub. İslam Abbasov (87 kq) isə bolqarıstanlı Semyon Novikova məğlub olub.

Sənan Süleymanov (77 kq) 1/8 finalda türkiyəli Ahmet Yılmaza, Beka Kandelaki (130 kq) 1/4 finalda digər türkiyəli Hamza Bakıra yenilib. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub.

Qitə birinciliyi aprelin 13-də başa çatacaq.