Azərbaycan Kuboku: 1/8 finala yüksələn daha bir komanda müəyyənləşib
Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.
Sportline.az xəbər verir ki, II təsnifat mərhələsində "Sheki City" ilə qarşılaşan "Karvan-Yevlax" növbəti mərhələyə vəsiqəni təmin edib.
Şamaxı şəhər stadionunda baş tutan görüşün əsas vaxtı 1:1 hesabı ilə bitib. Yevlax təmsilçisi əlavə vaxtda Şəki komandasının qapısına daha iki dəfə yol tapıb.
Beləliklə, görüş "Karvan-Yevlax"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
II təsnifat mərhələsi çərçivəsində bu gün daha bir qarşılaşma baş tutacaq. "Turan Tovuz" "Azərsun Arena"da II Liqa təmsilçisi "Dinamo" ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.