Azərbaycan millisi son oyuna çıxır
Futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsində son turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, milli komandamız bu gün Slovakiya ilə üz-üzə gələcək.
“Qradski vrt Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Rusiya üzərində qələbə qazanmaqla aktivinə ilk 3 xalı yazdıran milli, qrupdan çıxmaq şansını saxlayır. Bunun üçün Azərbaycan millisi slovaklara qalib gəlməli, qrupun digər matçında isə Rusiya xorvatlarla görüşdə xal itirməlidir. Ruslar xorvatlara uduzacağı təqdirdə Azərbaycan millisini slovaklarla matçda heç-heçə də qane edəcək. Son turun oyunlarından sonra ən azı 2 və ya 3 komandanın xalı eyni olarsa, reqlamentə əsasən, onların öz aralarındakı oyunların nəticələri əsas götürüləcək.
Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, ikincilər "pley-off" oyunlarında rəqiblərinə qalib gələrək bu hüquqa yiyələnəcəklər.
Qeyd edək ki, 2 turdan sonra Xorvatiya 6 xalla 1-ci, Azərbaycan və Rusiya seçmələri hərəyə 3 xalla müvafiq olaraq 2 və 3-cü, xalsız olan Slovakiya millisi isə sonuncu pillədə qərarlaşıb.