"Azərbaycan millisində oynaya bilərdim, amma imtina etdim"

Rusiyanın "Rodina” klubunun yarımmüdafiəçisi Ruslan Fişşenko Azərbaycan millisində oynamaq üçün bir neçə dəfə təklif alıb.

Sportline.az xəbər verir ki, bu barədə atası Azərbaycanda doğulan 22 yaşlı oyunçu birinci liqa təmsilçisinin saytına açıqlamasında deyib. SSKA-nın adakemiyasını bitirən futbolçu aşağı yaş qrupunda oynadığı "Qarabağ" haqda da danışıb:

"Mən indi də hesab edirəm ki, “Qarabağ” SSKA-dan zəif deyil. Komanda mütamadi olaraq avrokuboklarda çıxış edir, orda vaxt keçirmir, həqiqətən oynayır. SSKA-dan sonra “Qarabağ”a getdim (aşağı yaş qrupu-red). Mənə əvvəlcə yoldaşlıq görüşündə Azərbaycan millisində çıxış etməyi təklif etdilər. Rəsmi formada oynaya və vətəndaşlıq ala bilərdim, amma həmişə oynamağa can atdığım Rusiya Premyer Liqasında legioner olmaq istəmirdim".

O,  Rusiya millisində oynamaq istədiyini vurğulayıb: "Bəli, Azərbaycan yığmasında iki yoldaşlıq görüşündə oynamışam, amma bu, mənə heç bir şəkildə təsir etmir. Mən Azərbaycan millisinə sonuncu dəfə yayda çağırıldım, amma indiyə qədər bundan imtina edirəm, çünki Rusiyada məqsədlərimə çatmaq istəyirəm”.