Azərbaycan paralimpiyaçıları 2023-cü ildə 86 medal qazanıblar

Azərbaycan paralimpiyaçıları 2023-cü ildə beynəlxalq yarışlarda 86 medal qazanıblar, onlardan 27-si qızıl, 31-i gümüş, 28-i bürünc əyarlıdır.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2023-cü ilin yekunları ilə bağlı paralimpiyaçılarla görüş zamanı məlumat verilib.

Toplantıda Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, vitse-prezidentlər İlham Zəkiyev və Fuad Hacıyev, Komitənin idarə heyətinin üzvü Jalə Əhmədova çıxış edərək il sonu və qarşıdan gələn yeni təqvim ili üçün gözləntilərini və planlarını təqdim ediblər.

2023-cü il ərzində Milli Paralimpiya Komitəsinin fəaliyyəti haqqında idmançılara ətraflı məlumat verilib. Eyni zamanda Komitənin tədbirlər planı, 2023-cü ilin maliyyə hesabatları təqdim olunub, növbəti ilin büdcə layihəsi, həmçinin beynəlxalq əlaqələr sahəsində görülən işlər barədə çıxışlar olub.

Paris Yay Paralimpiya Oyunlarına hazırlıq prosesi, oyunların təşkilat komitəsi ilə keçirilən görüşləri barədə danışılıb.

Həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində fəaliyyət göstərən Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanışlıq turu keçirilərək, paralimpiyaçılar üçün mövcud imkanlar müzakirə olunub.

Sonda isə VII Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən baş məşqçilərə təşəkkürnamə təqdim olunub.